BP və tərəfdaşlarının SOCAR-a verdiyi səmt qazının həcmi 25 % artıb
- 13 fevral, 2025
- 07:46
Yeniliklərdən dərhal xəbərdar olun!
BP və tərəfdaşları Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr səmt qazı verib.
“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə, hesabat dövründə SOCAR-a 2,5 milyard kubmetr səmt qazı təhvil verilib.
Bu, 2023-cü illə müqayisədə 0,5 milyard kubmetr və ya 25 % çox olub.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.
2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.