BP şirkəti ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək üçün görülən işləri açıqlayıb

Energetika
  • 04 avqust, 2022
  • 08:45
BP şirkəti ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək üçün görülən işləri açıqlayıb

Bu ilin ikinci rübün sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 75 % tamamlanıb.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından II rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

"ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdə yerləşən tikinti sahəsində davam edib. Qazma modullarının üst tikililər blokunun üzərinə qaldırılması və yerləşdirilməsi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilib. Çəkisi 2 350 ton olan modullu qazmaya dəstək modulu (MQDM) və çəkisi 2 400 ton olan qazma avadanlığı dəsti (QAD) əvvəlcə özü hərəkət edən qoşqular vasitəsilə əsas qaldırma yerinə aparılmış, sonra altına əlavə polad kasetlər yerləşdirməklə təxminən 27 metr lazım olan hündürlüyə qaldırılaraq göyərtənin üzərinə sürüşdürülüb. Bu, BP-nin Xəzərdə ilk dəfə icra etdiyi və dəqiqliklə planlaşdırılmış mürəkkəb bir əməliyyat idi. Hazırda qazma qurğularının üst tikililər göyərtəsində inteqrasiyası davam edir", - məlumatda deyilir.

BP bildirir ki, layihə çərçivəsində daha bir uğurlu əməliyyat üst tikililərin şimal və cənub kranlarının qazvurma kompressorunun buraxıcı qurğusu ilə birlikdə quraşdırılması oldu.

"Üst modulları borularının yığılması və hidrosınağı qrafikə uyğun irəliləyib. Üst tikililərin və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə davam etmiş, əsas elektrik generatorunun, kimyəvi injeksiya və çirkab suların emalı qurğularının istismar sınaqları başlanılıb. Yaşayış modullarının mexaniki tamamlanması ilə bağlı təhvil işləri plana uyğun davam edib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi tamamlanıbr və hazırda barja yükləmə ilə bağlı hazırlıq işləri davam edir", - hesabatda qeyd olunub.

Layihə üzrə dalğıc işləri "Xankəndi" sualti tikinti gəmisinin dəstəyi ilə davam edib. ACE sualtı qaz boru xətlərinin yataqdaxili sualtı boru kəmərinə bağlanması iyunda həyata keçirilmiş "Şərqi Azəri" platformasının profilaktik işlər proqramı çərçivəsində yerinə yetirilib.

Qaz boru xəttinin bağlanması işləri üçün "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarında ACE layihəsi ilə bağlı bütün işlər də tamamlanıb. Ümumilikdə ACE layihəsi üçün lazım olan bütün iş həcmi "Şərqi Azəri" platformasının profilaktik işlər proqramı zamanı uğurla icra olunub", - BP bildirib.

Hesata görə, hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərin hayata keçirilməsinə Bakı, Avropa və Birləşmiş Krallıqdan 5 000 nəfər cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.