BP: Qum problemi həll edilməsə, minlərlə barel neft yer altında qalar
- 25 noyabr, 2025
- 13:31
BP şirkətinin əməliyyatçısı olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağında qalan neft həcmələrini çıxara bilmək və həmin həcmləri Avropaya və digər bazarlara ixrac etmək üçün müasir texnologiyalar və innovativ yanaşma və metodlar tələb olunur.
"Report"un məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli Bakıda keçirilən "Xəzər Texniki Konfransı SPE-2025"də bildirib.
"Məsələn, daha uzun üfüqi quyular qazılması və hasilat quyularının üzləşdiyi qum problemi məhz texnologiya tətbiqi ilə həll edilməlidir.
Texnologiyalara tələbat çox böyükdür. Bu yaxınlarda BP-nin texnologiya məsələləri üzrə rəhbəri Bakıya səfər etmişdi. Biz ona "Səngəçal" terminalında və dənizdə üzləşdiyimiz əsas çətinliklərdən danışdıq. Dedik ki, bizə AÇG-də daha uzun üfüqi quyular lazımdır, onları qaza bilmək üçün isə texnolgiya gərəkdir. Qum məsələsi də ciddi problemdir. Hesablamalarımıza görə, məhz qumun idarə olunması problemi ucbatından gələn il gündəlik 8 min barel neft çıxarılmadan yerin altında qala bilərdi. Bunu əlçatan etmək üçün isə müvafiq texnologiyadan istifadə olunur", - C.Kristofoli qeyd edib.