BP: "Ötən il ACE layihəsi üzrə işlərin 80 %-i tamamlanıb"

Energetika
  • 09 fevral, 2023
  • 09:53
BP: Ötən il ACE layihəsi üzrə işlərin 80 %-i tamamlanıb

2022-ci ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokun “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlərin ümumilikdə 80 %-i tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2022-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, il ərzində ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusunun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.

Bundan əvvəl 2 350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2 400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülüb. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyatı idi və bütün dünya üzrə BP-də ilk dəfə idi ki, icra olunurdu.

Bildirilir ki, üst modulların mexaniki tamamlanması qrafikə uyğun başa çatıb. Ümumilikdə, üst modulların quruda istismar sınaqları 85 % tamamlanıb: “Yaşayış modulları üzrə işlərin təhvil verilməsi başa çatıb və hazırda modullar quruda yaşayış üçün hazırdır. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku STB-01 daşıma barjasına yüklənilib və artıq dənizə yola salınmağa hazırdır”.

Məlumatda qeyd edilir ki, Azərbaycanın kran barjası Bakı Dərin Özüllər Zavoduna gətirilib və barjada dayaq blokunun dənizdə quraşdırılması üçün tələb olunan reaktivasiya işlərinə başlanılıb.

Sualtı izolyasiya konstruksiyasının 2023-cü ilin birinci rübünə planlaşdırılmış işə salınmasına hazırlıq olaraq dalğıc gəmisi ACE və “Mərkəzi Azəri” platformaları sahəsində neft sistemi üzrə bütün dalğıc işlərini tamamlayıb.

Səngəçal terminalında ACE əməliyyatlarının qurudan idarə olunması üçün aparılan tikinti işləri və bununla bağlı istismar sınaqları bitib və platformanın üst modulları ilə inteqrasiya işlərinə başlanılıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

44 - Tezliklə