BP: "Ötən il ACE layihəsi üzrə işlər ümumilikdə 65 % tamamlanıb"
- 10 fevral, 2022
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokun “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 65 % tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2021-ci il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
"Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5 500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır", - BP bildirir.
Məlumata görə, ilin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılıb və beləliklə də ACE layihəsi üçün lazım olan bütün avadanlıqların daşınması işləri başa çatıb.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib. Bu işlərə boru xətlərinin dikəldilməsi və hidrosınaq işlərinin irəliləməsi, kabellərin çəkilməsi və sınaqdan keçirilməsi daxildir.
Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə qaldırılmış və quraşdırılmışdır. Bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanıb.
Bundan əlavə, yuxarı göyərtənin paneli üst modulların üzərinə quraşdırılıb, həmçinin helikopter meydançası qaldırılaraq yaşayış blokunun yuxarısında öz yerinə quraşdırılıb. Üst modulların və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləyib. Qazma avadanlıqlarının istismar sınaq işləri başlanmışdır və bu işlər 2022-ci il ərzində davam edəcək ki, üst modulların qaldırılması və barjın üzərinə sürüşdürülməsi əməliyyatınadək bitmiş olsun.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam edib - ayaq çərçivələrinin bükülməsi işləri yekunlaşıb, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanıb.
"İsrafil Hüseynov" borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.
ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işləri də il ərzində davam edib.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.