BP-nin vitse-prezidenti: “Qarabağ” yatağının qaz ehtiyatlarının mənimsənilməsi gələcəyə aid məsələdir"
- 04 iyun, 2025
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Britaniyanın BP şirkəti “Qarabağ” yatağında neft hasilatı ilə yanaşı, perspektivdə burada aşkar edilmiş qaz ehtiyatlarının mənimsənilməsi imkanlarını nəzərdən keçirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə üzrə vitse-prezidenti Kolin Allan 30-cu Yubiley Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Bu həftə biz "Qarabağ" layihəsinə qoşulma prosedurunu başa çatdırdığımızı elan etdik. Hazırda əsasən yatağın neft ehtiyatlarına diqqət yetirsək də, burada həmçinin qaz ehtiyatları da aşkar edilib və gələcəkdə onların işlənməsi imkanlarını nəzərdən keçirəcəyik", - o qeyd edib.
Xatırladaq ki, BP dünən Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki layihədə payın alınmasına dair sazişlər imzalayıb.
Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20–25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” (ADUA) sahəsidir.
BP bu sazişlərin hər birində SOCAR-dan 35 %-lik iştirak payı alıb. Sazişlərdə qalan 65 %-lik iştirak payını SOCAR özündə saxlayacaq.
BP hər iki layihədə operator olacaq.
Şirkət “Qarabağ” yatağından ilk neftin hasilatına 2029-cu ildə başlamağı planlaşdırır.
Yataqda neftin geoloji ehtiyatları ilkin olaraq 60 milyon tondan çox, çıxarıla bilən ehtiyatlar isə 21 milyon ton neft və 13 milyard kubmetr qaz həcmində qiymətləndirilir.