BP “Kərkük” neft yatağında hasilatın bərpasına dair müqavilə bağlayıb
- 26 mart, 2025
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
“BP plc” şirkəti və İraqın Neft Nazirliyi ölkənin şimalındakı Kərkük əyalətində neft-qaz yataqlarının işlənməsinin bərpası haqqında müqavilə imzalayıb.
Bu barədə “Report” nazirliyə istinadən xəbər verir.
Layihəyə “Kərkük” neft yatağının “Baba” və “Avanah” strukturları və federal ərazidə yerləşən üç qonşu yataq – “Bay Hassan”, “Jambur” və “Khabbaz” daxildir.
"Müqavilə dörd yatağın bərpası və işlənməsini, karbohidrogen ehtiyatlarının artırılmasını, neft hasilatının gündəlik 420 min barelə çatdırılmasını, “North Gas Company”nin (NOC) gücünün bərpası və genişləndirilməsi yolu ilə səmt qazı hasilatının gündəlik 400 milyon kubfuta çatdırılmasını, həmçinin 400 MVt gücündə elektrik stansiyasının inşasını nəzərdə tutur", - məlumatda bildirilib.
BP 1920-ci illərdə Kərkükdə neft aşkar edən şirkətlər konsorsiumunun üzvü olub. 2013-2019-cu illərdə şirkət İraqın Neft Nazirliyi və NOC ilə birlikdə texniki tədqiqatlar apararaq yatağın yenidən qurulması potensialını öyrənib.
“Kərkük” neft yatağının ehtiyatları 8,7 milyard bareldir. Yataqda hasilata 1934-cü ildə başlanılıb.