Bakı-Tbilisi-Supsa vasitəsilə neft ixracının yaxın aylarda bərpa olunacağı ehtimalı yoxdur
- 07 iyun, 2022
- 09:21
Azərbaycandakı neft-qaz layihələrinin operatoru olan BP şirkətinin Qara dənizdən neftin sonrakı daşınması riskləri səbəbindən fəaliyyəti üç aya yaxındır dayandırılmış Bakı-Tbilisi-Supsa neft kəməri ilə dəniz limanından neft ixracını bərpa etmək ehtimalı azdır.
“Report” neft-qaz bazarındakı mənbələrinə istinadən xəbər verir ki, Bakı-Tbilisi-Supsa kəmərinin bağlanması müvəqqəti olsa da, xarici risklərlə bağlı olduğu üçün dəqiq vaxtı müəyyən etmək mümkün deyil.
“Report”un daha əvvəl xəbər verdiyi kimi, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəbindən neft tankerlərinin Qara dənizə daxil olması sual altında qaldığından neft kəməri martın ortalarından fəaliyyətini dayandırıb.
“Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru BP qeyd edib ki, Supsa limanına tankerlərin yüklənmə üçün vaxtında çatdırılması və vəziyyətin gözlənilməzliyi ilə bağlı narahatlıqlar şirkətləri bu cür tədbirlər görməyə vadar edib.
“Ukraynada müharibə davam etdikcə və tankerlərin vaxtında gəlişi və yüklənməsi ilə bağlı qeyri-müəyyənlik var, neft kəməri çox güman ki, fəaliyyətsiz qalacaq”, - şirkətdəki mənbələr bildiriblər.
BP bildirib ki, Supsaya tədarük edilən xam neft Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyənin Aralıq dənizi sahillərinə yönləndiriləcək.
Qeyd edək ki, Bakı-Tbilisi-Supsa boru kəməri illik cəmi 7,2 milyon ton neft daşıma qabiliyyətinə malik boru kəməridir. Ötən il bu kəmər ilə cəmi 4,2 milyon ton neft nəql edilib.
1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 509 milyon ton (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 68 tankerə yüklənib və yola salınıb. I rübdə BTC ilə nəqlin həcmi illik müqayisədə eynidir.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər xam neft və kondensat həcmləri də nəql olunur.
Qeyd edək ki, "BTC Ko"nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.