BP: Əməliyyatların sənaye standartlarına riayət olunmasına xüsusi önəm verilir
- 10 dekabr, 2025
- 11:17
BP əməliyyatların sənaye standartlarına riayət olunaraq həyata keçirilməsinə xüsusi önəm verir.
"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib.
Onun sözlərinə görə, BP-nin əməliyyatlarının həyata keçirilməsində qürurlu məqamlarından biri də bu əməliyyatların təhlükəsiz şəkildə həyata keçirilməsidir: "Yəni sənaye standartlarına riayət olunaraq, hər hansı ciddi qəza baş vermədən həyata keçirilməsidir. Bu da bizi xüsusilə qürurlu edir və bizim məsuliyyətimizin layiqincə həyata keçirdiyimizin bir göstəricisidir".
O bildirib ki, BP Azərbaycandakı fəaliyyəti dövründə bir beynəlxalq şirkət kimi tanınıb. Çalışıb ki, ölkənin əhəmiyyətli neft-qaz sektoruna töhfəsi ilə bərabər eyni zamanda müvafiq standartların da tətbiqində öz sözünü desin: "Bura həm sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM), həm əməyin təhlükəsizliyi, həm sənaye təhlükəsizliyi standartları, həm də bir sıra digər sahələrdə olan standartlar daxildir. Biz tərəfdaşlarımızla - SOCAR-la bərabər həmin standartların nəinki bizim fəaliyyət göstərdiyimiz neft-qaz sektorunda, eləcə də bütövlükdə Azərbaycan sənayesində yayılmasında öz töhfəmizi verməkdən çox qürurluyuq".