“BP-Azerbaijan” açıq qapı günü keçirib

Energetika
  • 14 noyabr, 2018
  • 10:41
“BP-Azerbaijan” açıq qapı günü keçirib

Bakı.14 noyabr. REPORT.AZ/ Bu gün “BP-Azerbaijan” şirkəti Bakının dörd universitetindən - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetindən seçilmiş 30 nəfərdən ibarət tələbə qrupu üçün “BP-ni kəşf et” adlı açıq qapılar günü keçirib.

Şirkətdən “Report”a verilən məlumata görə, onlar mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat üzrə təhsil alan II kurs tələbələri olub.

Tədbir BP-nin təcrübə və səriştələrini bölüşmək və eləcə də gənc mühəndislərin təhsilinə və inkişafına dəstək göstərilməsi üçün şirkətin fəaliyyətləri, texnologiyaları, əməliyyatları, prosesləri və mexanizmləri haqqında məlumat vermək məqsədi daşıyan “BP-nin universitetlərlə əməkdaşlıq proqramı” çərçivəsində təşkil edilib.

BP-nin insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva deyib ki, bu tədbir tələbələr üçün Azərbaycanda neft və qaz sənayesindəki perspektivlər və təcrübələr haqqında daha yaxından məlumat almağa gözəl imkan yaradıb:“Biz bu tədbiri tələbələrin neft-qaz sənayesində və xüsusən də BP-də mühəndis yaxud mütəxəssis kimi öz gələcək karyeralarını necə qura biləcəklərini başa düşmələrinə yardım etmək üçün nəzərdə tutmuşuq”.

Tədbirin proqramı təqdimatlardan və BP-nin obyektlərinə səfərlərdən ibarət olub. Tədbir tələbələrə BP-nin təcrübə və məzun proqramı üzrə imkanlar haqqında ətraflı məlumat almağa, BP-nin yüksək vəzifəli əməkdaşlarından onların rolları barədə öyrənməyə və eləcə də BP-yə yeni işə götürülmüş məzunlarla ünsiyyət qurmağa şərait yaradıb.

Tədbir çərçivəsində tələbələr həmçinin BP-nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər ediblər və iş sahələri ilə tanış olublar.