BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 86 % tamamlanıb”
- 04 may, 2023
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübünün sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yatağının “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 86 % tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabat dövründə ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Qurğu bütün istismar sınaqları bitdikdən sonra martın 16-da dənizə yola salınıb və artıq platformanın üst modullarını qəbul etməyə hazırdır.
Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işləri hazırda 94 % tamamlanıb.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu işlərin 2023-cü ilin ikinci rübündə başa çatacağı gözlənilir.
Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.
Birinci rübdə həmçinin sualtı izolyasiya konstruksiyası işə salınıb və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırıb, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsinə başlayıb.
“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə dəniz tikinti işlərinə başlanılıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.