Böyük Britaniya Azərbaycandan neft alışını 5 %-ə yaxın azaldıb
- 23 yanvar, 2025
- 10:25
Ötən il Azərbaycan Böyük Britaniyaya 659 min 515,53 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 396 milyon 129,55 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Böyük Britaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 4,56 %, dəyəri isə 8,36 % azdır.
Böyük Britaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,79 % təşkil edib.
Gömrük bəyannamələrinə əsasən, 2024-cü ildə Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ilində Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.