Bolqarıstanın Baş Naziri: “Azərbaycandan daha çox qaz almaq üçün çalışırıq”

Energetika
  • 03 yanvar, 2022
  • 09:21
Bolqarıstanın Baş Naziri: “Azərbaycandan daha çox qaz almaq üçün çalışırıq”

"Bolqarıstan Azərbaycandan daha çox təbii qaz idxal etmək niyyətindədir".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş Naziri Kiril Petkov deyib.

Onun sözlərinə görə, hazırda ölkəsində elektrik enerjisi qiymətlərində elan edilmiş moratorium mart ayına qədər davam edəcək: “Sistemdə sızıntı olub-olmadığını analiz etmək və sızıntıların haçan kəsiləcəyini görmək niyyətindəyik. Bununla da son istehlakçının ödəməli olduğu mimimum məbləği müəyyən edə biləcəyik. Belə bir analiz aparılmadan əvvəlki qiyməti artırmaq ən asan yoldur, amma bu hökumətin reallaşdıracağı siyasət olmayacaq. Digər tərəfdən də qiymətlərin daha aşağı olduğu Azərbaycandan daha çox qaz alıb-almayacağımızı müəyyən etmək üçün çalışırıq”.

K.Petkov ötən ilin sonlarında da açıqlamışdı ki, Bolqarıstan "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının illik bir milyard kubmetr həcmində olan müqavilə həcmlərini tam şəkildə almaq istəyir. Nazir Azərbaycanın satdığı qazın digər mənbələrdən əldə edilən təbii qazdan 60% ucuz olduğunu bildirmişdi.

2021-ci ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstanın “Bulgargaz” şirkəti arasında illik 1 milyard kubmetr həcmində müqavilə əsasında Azərbaycandan Bolqarıstana təbii qaz tədarük edilib.

Baş nazir öncəki açıqlamasında qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) qaz kəməri tamamlanmadığından, qaz Kulata-Sidirokastro bağlantısı ilə idxal olunur: “Lakin məhdud texniki imkanlar bütün razılaşdırılmış həcmlərin əldə edilməsinə imkan vermir. Müqavilə ilə nəzərdə tutulmuş həcmlərdən Bolqarıstan ilin əvvəlindən doqquz ay ərzində cəmi 225 milyon kubmetr Azərbaycan qazı alıb".

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

44 - Tezliklə