Bolqarıstanın Azərbaycandan aldığı qazın pulunu ödəməsi üçün son tarix açıqlanıb

Energetika
  • 15 oktyabr, 2021
  • 13:55
Bolqarıstanın Azərbaycandan aldığı qazın pulunu ödəməsi üçün son tarix açıqlanıb

Bolqarıstanın “Bulgargaz” dövlət qaz şirkətinin Rusiya və Azərbaycandan tədarük etdiyi təbii qazın ödəniş müddəti oktyabrın 25-də yekunlaşır.

“Report”un xarici mətbauta istinadən verdiyi məlumata görə, hazırda şirkətin hər iki ölkədən idxal etdiyi təbii qaz üçün ödəyəcəyi vəsaitin borcu 65 milyon avro təşkil edir. Bu borc isə əsasən şirkətin paytaxtınm istilik təchizatının həyata keçirən “Toplofikacia-Sofia” şirkəti səbəbindən yaranıb.

Məlumata görə, borcun yaranmasına səbəb son zamanlar təbii qazın qiymətinin artmasıdır.

Bildirilir ki, “Toplofikacia-Sofia” bu müddətə qədər borcu ödəməsə ilin sonuna bu borcun məbləği 180 milyon avroya çata bilər. Bu borc ölkənin enerji təhlükəsizliyini riskə atır. Çünki “Toplofikacia-Sofia”nın Sofiyada 400 000 abonenti var və şəhər qışda mərkəzi isitmə sistemindən istifadə edir.

Bu şirkət “Bulgargaz”ın ən böyük müştərisidir.

Qeyd edək ki, yanvar ayından indiyədək Bolqarıstan bu xətt vasitəsilə cəmi 225 milyon kubmetr Azərbaycan qazı idxal edib. Ümumilikdə isə Bolqarıstan hər il, təxminən, 3 milyard kubmetr qaz idxal edir.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.