Bolqarıstan Rusiya qazının tədarükündə çətinlik yaranarsa, Azərbaycanla danışıqlar aparacaq

Energetika
  • 03 mart, 2022
  • 07:02
Bolqarıstan Rusiya qazının tədarükündə çətinlik yaranarsa, Azərbaycanla danışıqlar aparacaq

Bolqarıstan Rusiyadan təbii qazın tədarükü ilə bağlı problemlər yaranarsa, Azərbaycanla əlavə təbii qaz həcmləri barədə danışıqlar aparacaq.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin energetika naziri Aleksandr Nikolov bildirib.

Onun sözlərinə görə, alternativ marşrutlar, o cümlədən Cənub Qaz Dəhlizi ilə qazın çatdırılması imkanı var.

A.Nikolov bildirib ki, Bolqarıstan Yunanıstanın Eleusis vasitəsilə də maye qaz tədarük edə bilər: “Hazırda Bolqarıstan Ukraynadakı müharibə fonunda yeganə xalis elektrik enerjisi ixracatçısıdır. Ancaq əgər məsələ azaldılmış həcmdə təbii qazın tədarükündən gedirsə, bu, elektrik enerjisinin maksimum Bolqarıstan daxilində saxlamaq hesabına kompensasiya ediləcək".

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin bu ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

44 filmi