Bolqarıstan İGB-nin tikintisinin gecikməsindən itkilərini açıqladı

Energetika
  • 07 yanvar, 2022
  • 08:57
Bolqarıstan İGB-nin tikintisinin gecikməsindən itkilərini açıqladı

Bolqarıstanın gəlirləri Yunanıstanla aralarında birləşdirici qaz boru kəməri olan IGB İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria) tamamlanmasında davam edən gecikmələr səbəbindən tükənməkdə davam edir.

“Report” “Euractiv”ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Yunanıstanın "Avax" şirkəti IGB boru kəmərini (həmçinin Stara Zagora-Komotini və ya ICGB kimi tanınır) inşa edir.

“İnterkonnektorun tikintisi ilə bağlı gecikmələrə görə Bolqarıstan hər gün 750 min avro itirir. Son bir ildə isə Sofiya 250 milyon avrodan çox vəsait itirib”, - deyə A.Nikolov parlament dinləmələri zamanı bildirib.

“Çoxlu gecikmələrdən sonra 182 km uzunluğunda olan qaz kəmərinin tikintisinə 2019-cu ilin mayında başlanılıb və müqaviləyə əsasən 2021-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulurdu. Buna uyğun olaraq, Bolqarıstan müddətsiz tikinti sayəsində daha çox gəlir itirməyə davam edəcək”, - deyə Nikolov xəbərdarlıq edib.

Bolqarıstanın Azərbaycanla ildə bir milyard kubmetr qaz idxalına dair müqaviləsi var ki, bu da onun istehlakının təxminən üçdə birini təşkil edir.

Interkonnektor Bolqarıstan üçün çox vacibdir. Çünki onun tamamlanması ilk dəfə olaraq Bolqarıstan bazarında Rusiyanın qaz inhisarını qıracaq. IGB Azərbaycan qazının Yunanıstandan İtaliyaya çatdırılacağı Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq. Bundan başqa, Azərbaycan qazı hazırda Bolqarıstanın Rusiyadan aldığı qazdan xeyli ucuzdur və Azərbaycan qazının çatdırılmaması Sofiya üçün gəlir itkisi deməkdir.

Ötən ilin sonunda rəsmi Bakı Bolqarıstana mövcud müqavilə üzrə razılaşdırılmış ildə 1 milyard kubmetr qaz tədarükündən daha çox qaz ixrac etməyə hazırdır. Lakin Bolqarıstan bu şansdan istifadə edə bilmir. Çünki boru kəməri hələ tamamlanmayıb. Mövcud xətlər vasitəsilə az həcmdə Azərbaycan qazı idxal olunur, onların da ötürücülük gücü məhduddur.

Xatırladaq ki, dekabrın 20-də Bolqarıstan və Yunanıstanın baş nazirləri Kiril Petkov və Kiriakos Mitsotakis birgə bəyanat yayıblar ki, ICBG-nin tikintisi bir neçə ay ərzində tamamlanacaq. Onlar qeyd ediblər ki, qaz qovşağı hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edir. Mitsotakis bildirib ki, bu münasibətlə Afina və Sofiya əməkdaşlığının “yeni mərhələsinə” başlayacaqlar.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. Dövlətə məxsus “Bulgargaz EAD” şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın alınması üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan qazı Bolqarıstanın təbii qaza olan tələbatının 25-30 faizini ödəyəcək. İnterkonnektorun uzunluğu 182 km-dir ki, bunun da 150 km-i Bolqarıstan ərazisindən keçir. İnterkonnektorun illik gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulub.

44 - Tezliklə