Bolqarıstan hökuməti Azərbaycandan qazın alınması üzərində işləyir
- 31 yanvar, 2022
- 06:52
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bolqarıstan hökuməti qaz mənbələrinin şaxələndirilməsi və Azərbaycandan qazın alınması üzərində işləyir”.
“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın Baş naziri Kiril Petkovun aparatının rəhbəri Lena Borislavova bildirib.
Onun sözlərinə görə, Bolqarıstanın İGB interkonnektoru ilə Azərbaycandan ilk qaz tədarükünü 2022-ci ilin ortalarında alacağı gözlənilir.
Borislavova “Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq edərsə və qaz təchizatı dayandırılsa, Bolqarıstan necə hərəkət edəcək?” sualına cavab verərkən bildirib ki, Bolqarıstan bu qış istiliksiz qalmayacaq: “Hökumət buna uyğun fəaliyyət planı hazırlayıb”.
Qeyd edək ki, Bolqarıstanın Baş naziri Kiril Petkov ötən həftə müsahibəsində bildirmişdi ki, İGB-nin inşası bitənədək Azərbaycan qazı Bolqarıstana Yunanıstan ərazisindəki kompressor stansiyasının yerləşdiyi Nea Mesimvria yaşayış məntəqəsi üzərindən idxalda edilə bilər.
“Azərbaycan tərəfindən bunun texniki cəhətdən mümkünlüyünə dair zəmanət almışıq. Bunun daha əvvəl niyə həyata keçirilməməsi qəribədir”, - hökumət başçısı hazırda Azərbaycanla qüvvədə olan müqavilənin nəzərdə tutulduğu qədər qaz idxal edə bilmədikləri üçün ölkədə qazın topdansatış qiymətinin 30 %-ədək artdığını da dilə gətirib.
Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.