Bolqarıstan Azərbaycandan ötən ildəkindən 3 dəfə çox qaz idxal edəcək

Energetika
  • 16 may, 2022
  • 09:53
Bolqarıstan Azərbaycandan ötən ildəkindən 3 dəfə çox qaz idxal edəcək

"Bolqarıstan 2022-ci ildə Azərbaycandan 640 milyon kubmetrədək qaz idxal edə biləcək ki, bu da 2021-ci il ilə müqayisədə 3 dəfədən çoxdur".

Bu barədə “Report” hökumətdəki məlumatlı mənbələrə istinadən xəbər verir.

İlin əvvəlindən etibarən Bolqarıstan Yunanıstan ilə sərhəddə yerləşən Kula-Sidirokastro qovşağı vasitəsilə 130 milyon kubmetr (orta hesabla gündəlik 0,9 milyon kubmetr) qaz alıb.

Ümumiyyətlə, Bolqarıstan 2021-ci il yanvarın 1-dən etibarən Azərbaycan qazını bu qovşaq vasitəsilə əldə edir. Buna səbəb, Yunanıstan və Bolqarıstan arasında IGB interkonnektorun tikintisinin uzanmasıdır. Belə ki, IGB-nin yalnız 2022-ci ilin iyul ayında istifadəyə veriləcəyi gözlənilir.

“IGB vasitəsilə Bolqarıstana qaz nəqli 2,6 milyon kubmetr təşkil edəcək. Beləliklə, Balkan yarımadasında yerləşən ölkə 2022-ci ildə Azərbaycandan 600-640 milyon kubmetrdən çox qaz ala biləcək”, - mənbə bildirib.

Onun sözlərinə görə, artıq 2023-cü ildən etibarən Bolqarıstana müqavilədə nəzərdə tutulmuş illik 1 milyard kubmetr nəql etmək mümkün olacaq. Sözügedən uzunmüddətli müqavilə 2013-cü ildə “Bulgargas” şirkəti ilə imzalanıb.

Xatırladaq ki, Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında çəkilən 182 km-lik IGB boru kəməri illik 3 milyard kubmetr qaz ötürəcək. Boru xətti vasitəsilə təkcə Azərbaycan qazı nəql olunmayacaq. Potensial tərəflərin marağı olacağı təqdirdə boru kəmərinin buraxılış qabiliyyəti illik 5 milyard kubmetrə çatdırıla bilər.

E.L.