Bolqarıstan 8 ayda təxminən 220 milyon avro dəyərində Azərbaycan qazı idxal edib

Energetika
  • 04 noyabr, 2024
  • 11:33
Bolqarıstan 8 ayda təxminən 220 milyon avro dəyərində Azərbaycan qazı idxal edib

Bolqarıstan bu ilin yanvar-avqust aylarında 24,356 min teracoul (TJ) Azərbaycan qazı idxal edib.

“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu da ötən ilin 8 ayının göstəricisindən 2,9 % çoxdur.

Hesabat dövründə Bolqarıstan 219,406 milyon avro məbləğində (16,1 % az) təbii qaz idxal edib.

Azərbaycan qazının Avropa İttifaqına (Aİ) idxalının ümumi həcmində Bolqarıstanın payı 7,4 % təşkil edib.

Avqust ayında Bolqarıstana 18,515 milyon avro dəyərində (20,6 % az) 2,408 min TJ Azərbaycan qazı (24,7 % az) tədarük edilib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan bu ilin yanvar-avqust aylarında Azərbaycandan 330,264 min TJ həcmində (ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çox) qaz idxal edib və bunun dəyəri 2 milyard 768,721 milyon avro (1,5 dəfə az) təşkil edib. Azərbaycanın Avropanın 8 ölkəsi: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiya ilə qaz təchizatı üzrə müqaviləsi var.

2024-cü ildə Azərbaycan 25 milyard kubmetr həcmində qaz ixracı planlaşdırır. Bunun 12,5 milyard kubmetri Avropa üçün nəzərdə tutulub.