"Bloomberg": "Lukoyl" xarici aktivlərini vahid paket şəklində satmaq istəyir
- 18 noyabr, 2025
- 23:27
Rusiyanın "Lukoyl" şirkəti xarici aktivlərini vahid paket şəklində satmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, alışda maraqlı tərəflər arasında Əbu-Dabi Milli Neft Şirkəti (Abu Dhabi National Oil Company, ADNOC) və ABŞ-dən "Carlyle", "Chevron" və "Exxon Mobil" var. Potensial alıcılardan bəziləri xarici aktivlərin yalnız bir hissəsini almaqda maraqlıdır. Məsələn, "Chevron" və "Exxon" "Lukoyl"un İraqdakı "Qərbi Kurna-2" yatağındakı payını öyrənir, ADNOC üçün isə maraq kəsb edən şirkətin Özbəkistandakı aktivləridir.
Xatırladaq ki, bu ilin oktyabrında ABŞ və Böyük Britaniya "Lukoyl" şirkətini sanksiya siyahılarına əlavə ediblər. Bundan sonra "Lukoyl" beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb və beynəlxalq neft treyderi "Gunvor" Rusiya şirkətinin xarici aktivlərinə sahib olan "Lukoil International GmbH" şirkətini almaq üçün müraciət edib. Lakin "Gunvor" şirkəti ABŞ Maliyyə Nazirliyinin Ukraynadakı müharibə bitənə qədər lisenziya verməyəcəyi barədə verdiyi açıqlamadan sonra təklifini geri götürüb.
"Lukoyl" nümayəndələri noyabrın 14-də şirkətin bir neçə potensial alıcı ilə xarici aktivlərin satışı ilə bağlı danışıqlar apardığını və yekun razılaşmalar əldə edildikdən, eləcə də zəruri icazələr alındıqdan sonra sövdələşməni elan edəcəyini açıqlayıblar.