Biləsuvar Günəş Elektrik Stansiyasında panellər xüsusi qurğular vasitəsilə avtomatik olaraq təmizlənəcək
- 09 oktyabr, 2025
- 19:55

Biləsuvar Günəş Elektrik Stansiyasında panellər xüsusi qurğular vasitəsilə avtomatik olaraq təmizlənəcək.
"Report"un Muğan bürosunun məlumatına görə, bu barədə Biləsuvar Günəş Elektrik Stansiyasında aparılan tikinti işlərinin vəziyyəti barədə keçirilən görüşdə bildirilib.
Görüşdə rayon icra hakimiyyətinin rəhbərliyi, "Masdar" və podratçı şirkətin nümayəndələri iştirak edib.
Qeyd olunub ki, ümumi sahəsi 1454 hektar olan Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir.
Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.