BP: ESG üzrə sərt tənzimləmələr "enerji keçidi"nə mənfi təsir göstərə bilər

Energetika
  • 08 may, 2026
  • 12:13
BP: ESG üzrə sərt tənzimləmələr enerji keçidinə mənfi təsir göstərə bilər

Neft-qaz gəlirləri "yaşıl enerji keçidi"nin maliyyələşdirilməsi baxımından da mühüm mənbə olaraq qalır və ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) prinsipləri üzrə həddindən artıq sərt tənzimləmələrin vaxtından əvvəl tətbiqi enerji keçidinin özünə mənfi təsir göstərə bilər.

"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ESG prinsipləri artıq şirkətlər üçün əlavə və ya paralel gündəm deyil, biznes strategiyasının və korporativ idarəetmənin ayrılmaz tərkib hissəsinə çevrilməlidir.

"ESG tələbləri şirkət daxilində yuxarıdan aşağı tətbiq olunan idarəetmə modeli kimi formalaşdırılmalıdır. Dövlətlər CO2 emissiyaları və digər məsələlərlə bağlı müəyyən ESG tələbləri müəyyən edə bilər. Bu tələblər real və tətbiqolunan olduqda effektiv nəticə verir. Neft-qaz sektoru yüksək riskli sahə olduğundan burada fəaliyyət yerli qanunvericiliklə yanaşı, eyni zamanda beynəlxalq standartlarla da tənzimlənir. Sektorda dekarbonizasiya, "Net Zero" hədəfləri və karbon emissiyalarının azaldılması ilə bağlı artıq formalaşmış bazar standartları mövcuddur. Əsas məsələ yeni bazar çağırışları fonunda həmin standartların qorunması və daha da təkmilləşdirilməsidir", - deyə o vurğulayıb.

B.Aslanbəyli bildirib ki, hazırda həm dövlət, həm də özəl sektorda xərclərin optimallaşdırılması əsas prioritetlərdən birinə çevrilib.

"Rəqabət artıq elə səviyyəyə çatıb ki, hər kəs daha az xərclə fəaliyyətini davam etdirməyə çalışır. Bu isə rəqəmsallaşma və texnoloji həllər vasitəsilə daha az insan resursu ilə daha çox iş görmək imkanları yaradır. Lakin bu prosesdə ətraf mühit, sosial və SƏTƏM risklərinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

B.Aslanbəylinin sözlərinə görə, rəhbərlik etdiyi layihələrdə qazılan quyuların sayı artsa da, büdcə və işçi sayı dəyişməz saxlanılır:

"Əgər keçən il 15 quyu qazmışdıqsa, bu il 27 quyu qazacağıq. Bu artım eyni büdcə və eyni insan resursları hesabına təmin olunacaq. Avropa İttifaqında metan emissiyaları ilə bağlı müzakirə olunan yeni vergilər enerji sektoruna mənfi təsir göstərə bilər. Bu gün rəqəmsallaşma və süni intellekt sürətlə inkişaf edir, amma bütün bunlar böyük həcmdə enerji resursları tələb edir. Artan enerji tələbatını isə hələlik yalnız bərpa olunan enerji mənbələri hesabına tam qarşılamaq mümkün deyil", - deyə B.Aslanbəyli vurğulayıb.

44 - Tezliklə