Bəxtiyar Aslanbəyli: "BP Azərbaycanda fəaliyyətinin genişləndirilməsi barədə danışıqlar aparır"
- 14 noyabr, 2025
- 16:58
Böyük Britaniyanın BP şirkəti Azərbaycan hökuməti, Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər dövlət qurumları ilə yeni birgə layihələr barədə danışıqlar aparır.
"Report"un məlumatına görə, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Euronews"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, BP Azərbaycanın enerji infrastrukturunun inkişafına və ölkənin regional enerji keçidi liderlərindən birinə çevrilməsinə verdiyi töhfə ilə qürur duyur.
B.Aslanbəyli xatırladıb ki, BP müstəqilliyin bərpasından qısa müddət sonra - 1992-ci ilin əvvəlində Azərbaycana gələn ilk beynəlxalq şirkətlərdən biri olub.
"Bu müddət ərzində şirkət hökumətin etimadını qazanıb və iki strateji aktivin - "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarının işlənməsinə cəlb olunub. Geriyə dönüb baxsaq yol həqiqətən təsirlidir. AÇG blokundan təxminən 4,5 milyard barel neft, "Şahdəniz" yatağından isə 257 milyard kubmetr qaz hasil edilib. "Ceyhan" limanından indiyədək dünya bazarlarına 6 000-dən çox neft tankeri göndərilib. SOCAR, hökumət, və digər tərəfdaşlarımızla birlikdə həyata keçirdiyimiz neft və qaz layihələrindən əlavə biz regionda yeni günəş enerjisi layihəsi olan "Şəfəq" Günəş Elektrik Stansiyası (GES) ilə xüsusilə qürur duyuruq", - o qeyd edib.
B.Aslanbəyli vurğulayıb ki, Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" layihəsi günəş stansiyasının tikintisini və milli enerji sisteminə enerji verilməsini nəzərdə tutur: "Daha sonra ekvivalent həcmdə elektrik enerjisi "Səngəçal" terminalına ötürüləcək. Bu da onun elektrikləşdirilməsi üçün vacibdir. Əgər bütün dövrə baxsaq, karbohidrogen sahəsində fəaliyyət göstərən şirkətin neft və qaz fəaliyyətindən əldə etdiyi gəlirin bir hissəsini günəş enerjisinin inkişafına yönəltdiyini görərik. Əldə olunmuş günəş enerjisi "Səngəçal" terminalının elektrikləşdirilməsi üçün istifadə ediləcək. Bu da gələcək istismar dövründə emissiyaları 50 % azaltmağa imkan verəcək. Layihənin pik dövründə ərazidə təxminən 400 nəfər çalışacaq. Biz əminik ki, bu model digər təşəbbüslər üçün də nümunə ola bilər".
B.Aslanbəyli, həmçinin qeyd edib ki, BP-nin strategiyası Azərbaycanın dekarbonizasiya hədəflərinə tam uyğundur:
"Biz yetkin yataqlarda - AÇG və "Şahdəniz"də işimizi davam etdiririk. Lakin paralel olaraq hökumət, Energetika Nazirliyi, SOCAR və digər qurumlarla yeni layihələr barədə danışıqlar aparırıq. Yaxın vaxtlarda AÇG-də "dərin qaz" laylarından sərbəst təbii qazın hasilatı layihəsinin işlənməsi ilə bağlı saziş imzaladıq. İlk təchizatların yaxın vaxtlarda olacağını gözləyirik".
O xatırladıb ki, BP dərin qaz hasilatına 2026-cı ilin birinci yarısında başlamağı planlaşdırır.
B.Aslanbəyli, həmçinin 2,9 milyard ABŞ dolları dəyərində olan "Şahdəniz" yatağında kompressor stansiyasının tikintisi layihəsindən danışıb: "Bu, qaz hasilatının maksimum səviyyəsini saxlamağa və dünya bazarlarına əlavə təchizatı təmin etməyə imkan verəcək".
Qeyd edək ki, AÇG-nin dərin laylarındakı sərbəst qaz ehtiyatları 4 trilyon kubfut həcmində qiymətləndirilir. İlkin mərhələdə ildə təxminən 0,5 milyard kubmetr qaz hasilatı planlaşdırılır. İlk qiymətləndirmə quyusundan əldə edilən qazın həcmi SOCAR-a satılacaq.
"Şahdəniz" şelfində aparılacaq işlər 2026-cı ilin üçüncü rübündə dənizdibi payaların quraşdırılması ilə başlayacaq və 2029-cu ildə başa çatacaq.
Layihə çərçivəsində təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaranacağı gözlənilir.
Təxminən 200 milyon ABŞ dolları dəyərində olan "Şəfəq" GES-in inşası bu il başlamalı və 2027-ci ilin ortalarına qədər tamamlanmalıdır. Layihə BP-nin törəmə şirkəti olan "Lightsource bp" şirkəti tərəfindən həyata keçiriləcək və idarə olunacaq.