BEA öz ehtiyatlarından rekord həcmdə neft çıxarmağı təklif edib
- 11 mart, 2026
- 06:08
Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərq münaqişəsi fonunda bazarı sabitləşdirmək üçün öz tarixində ən böyük həcmdə neft ehtiyatlarını sərbəst buraxmağı təklif edib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 1974-cü ildə yaradılmış agentliyin təklifi onun 2022-ci ildə sərbəst buraxdığı 182 milyon bareli üstələyir.
Bu məsələ ilə bağlı qərarın martın 11-də qəbul ediləcəyi gözlənilir. Nəşr qeyd edib ki, təklifin təsdiqlənməsi üçün 32 üzv ölkədən heç birinin etiraz bildirməməsi lazımdır.
Çərşənbə günü agentliyin rəhbəri Fatih Birol qeyd edib ki, BEA-ya üzv ölkələr 1,2 milyard bareldən çox dövlət fövqəladə neft ehtiyatına, həmçinin 600 milyon barel sənaye ehtiyatına malikdir.
Daha əvvəl "CNBC" teleşirkəti "Rapidan Energy Group" konsaltinq şirkətinin məlumatlarına istinadən xəbər vermişdi ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Hörmüz boğazından gəmiçiliyin dayandırılması dünya neft tədarükündə tarixdə ən böyük kəsilməyə səbəb olub. Hörmüz boğazındakı gərginlik bu kəsilmənin qlobal neft tədarükünün təxminən 20 %-ni əhatə etməsinə gətirib çıxarıb. Bu vaxta qədər ən böyük kəsilmə 1956-cı il Süveyş böhranı zamanı qeydə alınmışdı, bu zaman qlobal neft ixracının təxminən 10 %-nə ziyan dəymişdi. 1990-1991-ci illərdəki Fars körfəzi müharibəsi isə tədarükün 9 %-nə zərbə vurmuşdu.