Bassem Tadros: "Azərbaycan bizim üçün strateji enerji dəhlizidir"

Energetika
  • 02 iyun, 2026
  • 10:57
Bassem Tadros: Azərbaycan bizim üçün strateji enerji dəhlizidir

Azərbaycan Əbu-Dabinin Milli Neft Şirkətinin (ADNOC, BƏƏ) beynəlxalq enerji investisiya qolu olan XRG üçün strateji enerji dəhlizidir.

"Report" xəbər verir ki, bunu XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, XRG-nin Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) öyrənəcəyi çox şey var: "Azərbaycana ayrı aktiv kimi baxmırıq. Belə ki, Azərbaycan bizim üçün strateji enerji dəhlizidir. Bundan başqa, ölkəni əlaqələrin energetika çərçivəsindən kənara çıxdığı tərəfdaş kimi qəbul edirik. Enerji sektorundan kənarda qarşılıqlı fəaliyyət üçün bir çox istiqamətlər mövcuddur".

B.Tadros əlavə edib ki, Azərbaycan əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir: "Əgər enerji sektorundan danışırıqsa, burada kapitalın uzunmüddətli, strateji, dayanıqlı və nizam-intizamlı yerləşdirilməsini müşahidə edirik və uzunmüddətli perspektivə istiqamətlənirik. Bu gün fəaliyyətə keçmək vaxtıdır. Hazırda SOCAR, XRG və ADNOC məhz bununla məşğuldur".