Baş katib: "İƏT ölkələri üçün Vahid Enerji Strategiyası hazırlanır"
- 05 noyabr, 2025
- 14:11
Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri üçün Vahid Enerji Strategiyası üzərində iş aparılır.
Bunu "Report"a eksklüziv müsahibəsində İƏT-in baş katibi Əsəd M.Xan deyib.
Onun sözlərinə görə, 2021-ci ilin iyun ayında energetika nazirlərinin 4-cü görüşündə təsdiqlənmiş 2030-cu ilədək İƏT-in Enerji Strategiyası regional əməkdaşlıq üçün aydın çərçivə müəyyən edir.
"O, dayanıqlı enerji keçidinə, regional elektrik enerjisi bazarlarının yaradılmasına, enerji təhlükəsizliyinin artırılmasına və investisiyaların cəlb edilməsinə fokuslanır", - Ə.Xan bildirib.
Baş katib qeyd edib ki, əsas elementlərə milli və regional maraqlar balanslaşdırılmaqla bazarların sinxronlaşdırılması, birgə investisiyalar və infrastrukturun inkişafı daxildir.
"İxracatçıların və idxalçıların mövqelərinin uzlaşdırılması üçün nazir və ekspertlərin dialoqları, layihələrin birgə qiymətləndirilməsi və strateji məqsədlərin milli inkişaf planlarına inteqrasiyasından istifadə olunur. Strategiyanın uğuru üzv ölkələrin onun müddəalarını fəal şəkildə tətbiq etməyə, boşluqları aradan qaldırmağa və konkret şərtləri nəzərə alaraq regional əməkdaşlıq məkanını genişləndirməyə hazırlıq səviyyəsindən asılıdır", - Ə.Xan əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.