Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 44% artıb

Energetika
  • 15 dekabr, 2021
  • 12:28
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 44% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 31 milyard 592,5 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə ötən ilin yanvar-noyabr aylarına nisbətən 20,2 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 50,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 15 milyard 922,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 44,4 % çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.