Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 2 %-dən çox azalıb
- 15 aprel, 2025
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 10 milyard 764,6 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 3,3 % azdır.
Hesabat dövrünə qazın nəqlinin 50,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 milyard 447,9 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 2,4 % azdır.
Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və “Şahdəniz” yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.