Bakı Neft Emalı Zavodu planlaşdırılmış təmir işləri ilə bağlı bu il sonuncu dəfə fəaliyyətini dayandıracaq

Energetika
  • 04 iyun, 2024
  • 13:36
Bakı Neft Emalı Zavodu planlaşdırılmış təmir işləri ilə bağlı bu il sonuncu dəfə fəaliyyətini dayandıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işləri ilə əlaqədar bu ilin noyabrında işini dayandıracaq.

“Report” bu barədə mənbəyə istinadən xəbər verir.

“Təkmilləşdirmə və yenidənqurma işləri ilə əlaqədar noyabr ayında müəssisənin fəaliyyəti növbəti planlı təmirə görə dayandırılacaq”, - mənbə qeyd edib.

Onun sözlərinə görə, bu, zavodun təmir üçün sonuncu dəfə dayandırılması ola bilər və gələn ildən etibarən təmir üçün dayandırma olmayacaq.

Mənbə əlavə edib ki, zavodun təkmilləşdirməsi və yenidən qurulmasının ikinci mərhələsi faktiki olaraq başa çatır və növbəti mərhələdə bu, olmaya bilər.

Əlavə edib ki, noyabrda BNEZ ilə eyni vaxtda “Azərikimya” İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunun fəaliyyəti də müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, BNEZ-in illik emal gücü hazırda 6,5 milyon ton təşkil edir.

SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.