“Bahar” yatağında neft və qaz hasilatından ARDNF-yə daxil olan məbləğ açıqlanıb
- 05 iyul, 2024
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Bahar” yatağından Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar üzrə proqnozlaşdırılandan fərqli olaraq 0,67 milyon ABŞ dolları dəyərində neft, 0,87 milyon ABŞ dolları dəyərində qaz hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib.
Sənədə əsasən, 2023-ci ilin göstəricisində “Bahar” yatağı üzrə neft və qaz hasilatı ilə bağlı ümumi daxilolma proqnozu 2,23 milyon ABŞ dolları təşkil edib ki, bunun da icra vəziyyəti 69 % azdır.
Ötən il bu yataqdan 175,39 milyon kubmetr qaz hasil edilib ki, bu da proqnozlaşdırılan 257,49 milyon kubmetrdən 82,1 milyon kubmetr və ya 68,11 % azdır.
Qeyd edək ki, bu yataq Bakı şəhərindən 40 km cənub-şərq-cənuba doğru dənizdə yerləşir. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye istismarına verilib. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İstismara veriləndən 2011-ci il 1 aprel tarixinədək 203 quyu qazılıb. Toplanmış hasilat 2011-ci il 1 yanvar tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard kubmetr qaz olub.
Bu yatağın operatoru olan "Bahar Energy Limited" əməliyyat şirkətinin 100 % səhmləri ABŞ-ın "Greenfields Petroleum" şirkətinə məxsusdur.