"Bahar" və "Qum-Dəniz" yataqlarından ilkin neftin hasil ediləcəyi vaxt açıqlanıb

Energetika
  • 26 dekabr, 2025
  • 13:17
Bahar və Qum-Dəniz yataqlarından ilkin neftin hasil ediləcəyi vaxt açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum-Dəniz" yataqlarından ilkin neftin 2027-ci ilin sonu - 2028-ci ilin əvvəli əldə edilməsi nəzərdə tutulur.

Bu barədə "Report" "Bahar" və "Qum-Dəniz" yataqlarının operatoru olan "Bahar Energy Operating Company Limited" (BEOC) şirkətinə istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində müasir texnoloji standartlara uyğun infrastruktur qurulacaq, yeni hasilat və kəşfiyyat quyuları qazılacaq. Həmçinin, istehsalat və nəqliyyat sistemlərinin modernləşdiriləcək.

Bildirilib ki, "Bahar" və "Qum-Dəniz" yataqlarının İlkin Hasilat Sxemi üzrə yenidən işlənmə layihəsi çərçivəsində müvafiq addımlar atılır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən son illərdə həyata keçirilən Korporativ strategiyaya uyğun olaraq mövcud neft-qaz yataqlarının potensialı və əməliyyat səmərəliliyi yenidən qiymətləndirilməkdədir.

Bu xüsusda, "Bahar" və "Qum-Dəniz" yataqlarının İlkin Hasilat Sxemi üzrə yenidən İşlənmə layihəsi çərçivəsində BEOC və ABŞ-ın SLB şirkətləri arasında müqavilə bağlanılıb. 2026-cı ilin yanvar ayına qədər "Bahar" yatağının statik və dinamik modellərinin, ilkin hasilat sxemi çərçivəsində quyu qazma, tamamlanma proqramını da əhatə edən işlənmə planının hazırlanması, yataqların işlənmə planı üçün əlverişli sahələrin müəyyənləşdirilməsi işləri nəzərdə tutulub. Həmçinin ilkin işlənmə quyularının təyin edilməsi, quyuların qazma və tamamlanması üçün konseptual mühəndislik layihələndirilməsinin aparılması, eləcə də layihəni "müəyyən et" və "icra et" mərhələləri üçün iş həcminin, iş qrafikinin və büdcə planının hazırlanması işlərinin yekunlaşdırılması razılaşdırılıb.

Xatırladaq ki, "Bahar" və "Qum-dəniz" yataqlarının idarəçiliyi üzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci il tarixindən etibarən "Bahar Energy Operating Company Ltd"də (BEOC) payların 100 %-nin SOCAR tərəfindən alınması təmin olunub. Beləliklə, layihə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) əsasında SOCAR tərəfindən idarə olunur.

Qeyd edək ki, "Bahar" yatağı 1968-ci ildən, "Qum-dəniz" yatağı isə 1955-ci ildən istismar olunmaqdadır. Hər iki yataq Azərbaycanın enerji sənayesinin inkişafında strateji əhəmiyyətə malikdir. "Qum-dəniz" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının cənubundakı Qum adasından başlayaraq təxminən 12 km məsafədə dəniz istiqamətində uzanır. "Bahar" yatağı isə təxminən 20 km məsafədə yerləşir.

Son xəbərlər

Bütün Xəbər Lenti