Babək Hüseynov: "Xəzərdəki yataqların məhsuldarlığını saxlamaq üçün yeni texnologiyaya ehtiyac var"
- 25 noyabr, 2025
- 10:35
Xəzər regionundakı yataqların məhsuldarlığını saxlamaq üçün yeni ideyalara, müasir texnologiyaya ehtiyac var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı-2025"də bildirib.
Onun sözlərinə görə, Xəzər hövzəsi texniki cəhətdən ən maraqlı və strateji baxımdan vacib bölgələrdən biri olaraq qalır: "Bölgədəki layihələr eksperimentlər, texniki sıçrayışlar, uzunmüddətli inkişaf və böyük ofşor təkmilləşdirmələrlə zəngin idi. Bütün bunlar dözümlülük, əməkdaşlıq və daimi uyğunlaşma ehtiyacı ilə formalaşdırılıb. Bu, bizə sənayemizin bir çox dövrlərdən keçdiyini və hər dəfə inkişaf edərək gücləndiyini xatırladır. Bu, Xəzər regionu üçün xüsusilə vacibdir, çünki aktivlərimizin çoxu yetkinləşib və yeni yanaşmalar tələb edir".
B. Hüseynov əlavə edib ki, Azərbaycandakı və daha geniş Xəzər regionundakı bir çox yataqlar onilliklərdir ki, hasilat verir: "Lakin onlar hələ də enerji təhlükəsizliyi, iqtisadi sabitlik və bölgənin gələcəyi üçün əsas tərkib hissəsi olaraq qalır. Onların məhsuldarlığını saxlamaq üçün yeni ideyalara, müasir texnologiyaya, yeni bacarıqlara ehtiyacımız var. Bu mənada innovasiya kritik əhəmiyyət kəsb edir".