"Azərkontrakt" İranla svop müqaviləsi çərçivəsində qaz ehtiyatlarını açıqlayıb
- 26 iyul, 2024
- 09:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvarın 1-nə yeraltı qaz anbarlarında Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC-yə məxsus təbii qaz ehtiyatlarının həcmi 2 milyard 086 milyon 423 min 582 kubmetr olub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-ci ilin əvvəli lə müqayisədə 55 milyon 572 min 007 kubmetr və ya 2,74 % çoxdur.
Hesabata əsasən, Azərbaycan və İran arasında hazırda qüvvədə olan təbii qazın svop müqaviləsi çərçivəsində İranın ərazisində 8 milyon 873 min 759 kubmetr həcmində təbii qaz qalığı mövcuddur. Bu, 2022-ci ilin sonuna olan həcmlərlə müqayisədə 461 min 039 kubmetr və ya 5,5 % çoxdur.
Beləliklə, "Azərkontrakt"ın İranda təbii qaz (qalıq qaz) ehtiyatları 785 min 189 manat məbləğindədir ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 135 min 039 manat və ya 20,8 % çoxdur.
Xatırladaq ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasını təbii qazla təmin etmək məqsədi ilə İranın Milli Qaz İxracı Şirkəti (NİGEC) ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi arasında 2004-cü il avqustun 5-də müqavilə bağlanıb.
Qeyd edək ki, 2021-ci ilin aprelin 1-dən etibarən "Azərkontrakt"ın istehlakçıları fasiləsiz təbii qazla təmin etmək üçün yeraltı qaz anbarlarından istifadə edir.
"Azərkontrakt" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,539 milyon manatdır. “Azərkontrakt” 2021-ci ildən etibarən ölkədə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edir. Beləliklə, “Azərkontrakt” SOCAR, ABƏŞ, "Şahdəniz" konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini “Azərenerji” ASC-yə, “Azəriqaz” İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satışını həyata keçirir.