"Azərkimya" bu il istehsal gücünün 85 %-dən çoxunu istifadə edəcək
- 16 sentyabr, 2026
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyinin 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85 %-dən çox olacağı gözlənilir.
"Report" xəbər verir ki, bu barədə zavoda media-tur zamanı məlumat verilib.
Qeyd edilib ki, müəssisə 2025-ci ildə istehsal gücündən 86 % istifadə edib: "Bu il isə bu göstəricinin 85 %-dən yüksək olması planlaşdırılır".
Məlumata görə, "Azərkimya" ekoloji istiqamətdə də bir sıra layihələr həyata keçirir. Müəssisənin əsas hədəflərindən biri istehsal prosesində atmosferə atılan karbon qazının tutulması və təkrar xammal kimi istifadəsidir. Tutulan karbon qazının xammala ehtiyacı olan karbamid zavoduna yönəldilməsi nəzərdə tutulur.
Bildirilib ki, normal əməliyyat rejimində məşəl sistemində yalnız texnoloji təhlükəsizlik üçün zəruri qazlar yandırılır. Atmosferə qaz emissiyaları xüsusi monitorinq sistemləri vasitəsilə izlənilir.
Həmçinin qeyd olunub ki, "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilen (HDPE) qurğularında texnoloji proses zamanı ayrılan təsirsiz püskürmə qazlarının təkrar istifadəsi təmin edilir.
Belə ki, "Azərkimya" ilə "SOCAR Polymer" arasında çəkilmiş 4 kilometr uzunluğunda boru xətti vasitəsilə həmin qazlar geri qəbul edilərək yenidən istehsalata yönəldilir.