"Azərişıq" ASC: Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişi bərpa edilib
- 12 iyun, 2022
- 19:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Sel-qasırğa nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Məlumatda deyilir ki, hazırda hadisə baş verən ərazilər də daxil olmaqla ölkənin bütün ərazisində elektrik enerjisi təchizatı tam qaydasındadır.
Qeyd edək ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı. "Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.
20:20
Daşkəsəndə güclü leysan nəticəsində kəsilən elektrik enerjisinin verilişi bərpa edilib.
Bu barədə "Report"a "Azərişıq" ASC-dən bildirilib.
Hazırda Ağstafada elektrik təchizatının bərpası istiqamətində iş aparılır. Elektrik enerjisinin yaxın saatlarda bərpası gözlənilir.
14:43
İyunun 10-nu gecə saatlarında Daşkəsən rayonu ərazisində başlayan güclü leysan nəticəsində rayonun elektrik şəbəkəsinə ciddi ziyan dəyib.
"Azərişıq" ASC-dən “Report”a bildirilib ki, Çanaqçı, Zivlən, Alaxançallı və Şəkərəm kəndlərinin elektrik enerjisi təchizatında fasilələr yaranıb.
"Azərişıq" ASC-nin ərazi üzrə Qəza xidməti tərəfindən aparılan işlərdən sonra elə həmin gün Çanaqçı və Şəkərəm kəndlərində elektrik enerjisinin verilişi bərpa edilib.
Digər iki kənddə - Alaxançallı və Zivlən kəndlərində sel suları kənd yollarını tam yararsız vəziyyətə saldığından bərpa işlərinin görülməsinə ciddi maneə yaransa da, elektrik enerjisinin bərpası işi yekunlaşmaq üzrədir.
Ağstafa rayonu ərazisində də təbii fəlakət rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub. Hadisə nəticəsində xeyli sayda müxtəlif güclərdə olan yüksək və aşağı gərginlikli xətt dayaqları sınıb, elektrik naqilləri zədələnib, bəzi ərazilərdə güclü sel elektrik xətlərini yuyub aparıb.
Hazırda butün xətlər gərginlik altındadır. 110/10 kV-luq "Poylu-Dartı" yarımstansiyasından çıxan Ceyrançöl hava xəttində 2 budaqlanmada təmir-bərpa işləri davam etdirilir.
Qeyd edək ki, hadisədən dərhal sonra ərazilərə əlavə mal-material, maşın-mexanizmləri və işçi qüvvəsi cəlb edilib. Təbii fəlakətin vurduğu ciddi zərərin aradan qaldırılması istiqamətində operativ şəkildə tədbirlər görülüb.