"Azəriqaz": Çarpaz subsidiyalaşdırma liberal bazara keçiddə əlavə yük yarada bilər

Energetika
  • 03 oktyabr, 2025
  • 15:07
Azəriqaz: Çarpaz subsidiyalaşdırma liberal bazara keçiddə əlavə yük yarada bilər
Təbriz Əmmayev

Azərbaycanda qaz təsərrüfatında liberallaşmanın təmin edilməsi üçün həm hüquqi, həm də texniki sahədə zəruri addımların atılması vacibdir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, tənzimlənən iqtisadi bazarlarda qarşıya çıxan əsas maneələrdən biri çarpaz subsidiyalaşdırmadır:

"Bəzi təsərrüfat subyektlərinin ödədiyi tarif uzunmüddətli perspektivdə reallığı əks etdirsə də, mövsümi faktorlar, coğrafi xüsusiyyətlər və iqtisadi-psixoloji amillər səbəbindən digər bazarlara keçiddə bu mexanizm aradan qalxır. Nəticədə bəzi subyektlər üçün əlavə sosial və maliyyə yükü yarana bilər".

T. Əmmayev əlavə edib ki, liberal bazara keçid bütün fəaliyyətin tam sərbəstləşdirilməsi demək deyil və bu proses üçün hüquqi çərçivənin formalaşdırılması vacibdir.

O həmçinin liberallaşmanın texniki çətinliklər də yarada biləcəyini vurğulayıb:

"Liberallaşma diskriminasiyasız qoşulmanı təşviq edir, lakin bəzi hallarda bu texniki baxımdan mümkün olmur. Bunun üçün şəbəkənin keyfiyyətli işlənməsi və əlavə investisiyaların cəlb olunması tələb olunur. Bu isə yaxın gələcəkdə müəyyən qədər çətinliklərlə müşayiət oluna bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti