"Azəriqaz" bu il əhaliyə 73 mln. kubmetr qaz satıb
- 10 iyul, 2015
- 11:47
Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunun 1 624-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 3 503-ü isə regionların payına düşüb.
Məlumata görə, həmin dövrdə əhali sektoru üzrə 72,538 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında nəzərdə tutulandan 36,5% artıq vəsait toplanıb. Qeyri-əhali sektoru üzrə isə 104,968 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında nəzərdə tutulandan 8,6% artıq vəsait yığılıb.
Bu ilin iyulun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 123 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.