"AzərEnerji" və "Azərişıq" WUF13-də iki mühüm nəşrin təqdimatını keçirib
- 19 may, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş beynəlxalq sərgidə birgə iştirak edən "AzərEnerji" və "Azərişıq" ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerjisistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.
Bu barədə "Report"a "AzərEnerji"dən məlumat verilib.
Bildirilib ki, forum çərçivəsində keçirilən ilk tədbirdə "AzərEnerji" tərəfindən hazırlanan "Azərbaycan enerjisisteminin arxitekturası" və "Azərişığ"ın ərsəyə gətirdiyi "Şəbəkə memarlığı" kitablarının təqdimatı olub. Təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.
Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli "Xankəndi" və "Ağ şəhər" yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib. Sərgidə nümayiş olunan layihələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.