"AzərEnerji" "Masdar" şirkəti ilə "yaşıl enerji" layihələrini müzakirə edib
- 11 sentyabr, 2025
- 14:58

"AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında ümumi qoyuluş gücü 1 000 MVt olan günəş və külək elektrik stansiyaları (Bankə, Biləsuvar və Qaradağ) layihələri ilə əlaqədar müzakirələr aparılıb.
Bu barədə "Report"a "AzərEnerji" ASC-dən məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr səhmdar cəmiyyətin sədri Baba Rzayevlə və "Masdar"ın layihələr üzrə rəhbəri Mohamed Al Muharraminin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda da fikir mübadiləsi edilib.
Qeyd edək ki, Biləsuvar rayonunda 445 MVt gücündə "Biləsuvar Solar SPV" günəş elektrik stansiyası layihəsinin ümumi dəyəri 383 milyon ABŞ dolları təşkil edir. Yeni günəş stansiyası Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək. CO2 emissiyalarında illik qənaətin 442 min tona çatması gözlənilir. Bu, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində əsas rol oynayacaq və istilik enerjisindən asılılığı azaldacaq.
Neftçala rayonunda 315 MVt gücündə "Banka Solar" günəş fotoelektrik stansiyası layihəsinin ümumi dəyəri 283 milyon ABŞ dolları təşkil edir. Layihə Azərbaycanın enerji sisteminə 315 MVt günəş enerjisi əlavə edəcək ki, bu da təbii qazla işləyən elektrik stansiyalarını əvəz etməyə imkan verəcək və ölkənin Paris sazişi çərçivəsində bərpa olunan enerji məqsədlərinə çatmasına kömək edəcək. Layihənin ildə 314 min ton CO2 emissiyasını azaldacağı, Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidinə və istilik generasiyasından asılılığın azaldılmasına töhfə verəcəyi gözlənilir.
Qaradağ Günəş Elektrik Stansiyasının ümumi dəyəri isə 250 milyon ABŞ dolları təşkil edir. Layihə Azərbaycanın enerji sisteminə 240 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək. Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək. Layihə həmçinin, illik təxmini "CO2" emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək. Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.
Hər 3 layihənin həyata keçirilməsini bir sıra digər beynəlxalq maliyyə institutları da dəstəkləyəcək. Layihəni "Masdar" şirkətinin (BƏƏ) törəmə strukturu olan "Abu Dhabi Future Energy Company" həyata keçirəcək.