“AzərEnerji” I rübdə enerji istehsalını cüzi artırıb

Energetika
  • 15 aprel, 2025
  • 13:09
“AzərEnerji” I rübdə enerji istehsalını cüzi artırıb

Bu ilin yanvar-mart aylarında “AzərEnerji” ASC üzrə 6 milyard 385 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin eyni ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 milyon kVt/saat və ya 0,2 % çoxdur.

“Azərenerji” tərəfindən istehsal edilən elektrik enerjisinin 5 milyard 739,9 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarında (İES), 645,1 milyon kVt/saat Su Elektrik Stansiyalarında (SES) qeydə alınıb.

Bu da 2024-cü ilin birinci rübü ilə müqayisədə müvafiq olaraq 211,1 min kVt/saat (3,5 %) az və 225,1 min kVt/saat (1,5 dəfə) çoxdur.

Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 91,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 0,9 milyon kVt/saat və ya 1 % azdır.

Energetika Xidməti üzrə yanvar-mart aylarında İES-lərdə 55,7 milyon kVt/saat (- 13,6 %), SES-lərdə 21,7 milyon kVt/saat (+ 40,9 %), Günəş Elektrik Stansiyalarında (GES) 13,8 milyon kVt/saat (+13,1 ) elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 milyon kVt/saat (- 33,7 %), müstəqil elektrik stansiyaları üzrə isə 689,3 milyon kVt/saat (+5 %) elektrik enerjisi istehsal edilib.