Azərbaycanın Tailanda neft ixracından qazancı 9 dəfə azalıb

Energetika
  • 21 iyun, 2023
  • 07:57
Azərbaycanın Tailanda neft ixracından qazancı 9 dəfə azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Tailanda 48 min 688,02 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 26 milyon 098,53 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Tailanda ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 7,6 dəfə, dəyəri isə 8,9 dəfə azdır.

Azərbaycandan Tailanda ixrac edilən "qara qızıl"ın ümumi neft ixracında payı 0,41 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin 5 ayında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.