Azərbaycanın qaz-kondensat yatağının tammiqyaslı işlənməsinə başlanılacağı tarix açıqlanıb
- 30 sentyabr, 2024
- 18:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi çərçivəsində ilk qazın hasilatı 2029-cu ildə başlayacaq.
Bu barədə “Report” SOCAR-ın 2023-cü il üçün illik hesabatına istinadən bildirir.
“Hazırda Abşeron yatağının işlənməsi birinci mərhələ çərçivəsində həyata keçirilir. Növbəti mərhələ, yəni yatağın tammiqyaslı işlənməsi (YTİ) çərçivəsində layihə iştirakçıları 2024-cü ilin sonunadək yekun investisiya qərarının (YİQ) qəbul edilməsini və 2029-cu ilin ikinci rübünə qədər ilk qazın hasilatına başlanmasını hədəfləyirlər”, – hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, bu öhdəliklər layihə iştirakçıları tərəfindən JOCAP (Joint Operating Company of Absheron Petroleum B.V.) əməliyyat şirkəti ilə birlikdə keçirilən müntəzəm görüşlərin nəticəsində “Abşeron” YTİ çərçivəsində YİQ-in qəbul edilməsini və ilk qazın hasilatına başlanmasını sürətləndirmək üçün götürülüb.
Daha əvvəl Azərbaycan Energetika Nazirliyinə istinadən qeyd olunurdu ki, 2024-cü ilin yanvar-avqust aylarında “Abşeron” yatağından 1,1 milyard kubmetr təbii qaz və 400 min ton kondensat hasil edilib.
Xatırladaq ki, 2023-cü ildə JOCAP “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edib. Beləliklə, istismarın əvvəlindən yataqdan ümumilikdə 1,9 milyard kubmetr qaz və 700 min ton kondensat hasil edilib.
2024-cü ildə I faza çərçivəsində bu yataqda qaz hasilatı 1,5 milyard kubmetr pik səviyyəsinə çatmalı, kondensat hasilatı isə 523 min ton həcmində gözlənilir. YTİ çərçivəsində “Abşeron” yatağında hasilatın ildə 6 milyard kubmetrə çatdırılması planlaşdırılır.
“TotalEnergies” və SOCAR 10 iyul 2023-cü ildə “Abşeron” yatağının işlənməsinin birinci fazası çərçivəsində hasilatın başlanmasını elan ediblər. Hazırda hasilat “Abşeron” yatağından hasilatın birinci mərhələsi çərçivəsində aparılır. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
“Abşeron” yatağı 1960-cı illərdə Azərbaycan geoloqları tərəfindən kəşf edilib. Yatağın ehtiyatlarının 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağıdır.