Azərbaycanın polietilen ixracından qazancı 18 % azalıb

Energetika
  • 16 dekabr, 2022
  • 13:42
Azərbaycanın polietilen ixracından qazancı 18 % azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 105 min 161,34 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 131 milyon 438,53 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-noyabr aylarının eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,4 % və 17,9 % azdır.

2022-ci ilin yanvar-noyabr ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,89 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,36 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

44 - Tezliklə