Azərbaycanın ixrac etdiyi neftin 1/3-ü İtaliyaya nəql edilib
- 17 aprel, 2023
- 06:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 2 milyon 249 min 020,21 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 438 milyon 281,73 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk üç ayının göstəriciləri ilə müqayisədə 5,53 %, dəyəri isə 3,44 % azdır.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 33,03 % olub.
Xatırladaq ki, bu ilin ilk rübündə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 milyon 809 min 685,99 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 4 milyard 272 milyon 127,65 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.