Azərbaycanın Bolqarıstana satdığı qazdan qazancı 4,5 dəfə artıb

Energetika
  • 23 oktyabr, 2023
  • 11:19
Azərbaycanın Bolqarıstana satdığı qazdan qazancı 4,5 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Bolqarıstana 667 milyon 709,92 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bolqarıstana ixrac edilən Azərbaycan qazının dəyəri 261 milyon 533,76 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 8 ayı ilə müqayisədə həcm baxımından 413 milyon 492,42 min kubmetr (2,6 dəfə), məbləğ baxımından isə 203 milyon 957,23 ABŞ dolları (4,5 dəfə) çoxdur.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 milyard 452 milyon 178,82 min ABŞ dolları dəyərində 17 milyard 391 milyon 448,11 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

2022-ci ilin oktyabr ayından Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istismarına başlanılıb. Bu kəmərlə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqli həyata keçirilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

44 - Tezliklə