Azərbaycanın Bolqarıstana satdığı qazın həcmi 3 dəfədən çox artıb

Energetika
  • 18 yanvar, 2024
  • 09:09
Azərbaycanın Bolqarıstana satdığı qazın həcmi 3 dəfədən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Bolqarıstana 1 milyard 136 milyon 821,8 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bolqarıstana ixrac edilən Azərbaycan qazının dəyəri 418 milyon 639,46 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 770 milyon 132,75 min kubmetr (3,1 dəfə), məbləğ baxımından isə 180 milyon 828,3 min ABŞ dolları (76,04 %) çoxdur.

Gömrük bəyannamələrinə əsasən, hesabat dövründə Azərbaycan ümumiyyətlə 24 milyard 379 milyon 905,36 min kubmetr həcmində təbii qaz ixrac edib. İxrac edilən təbii qazın dəyəri 12 milyard 775 milyon 689,97 min ABŞ dolları təşkil edib. İl ərzində təbii qazın həcmi 30,74 % artıb, dəyəri isə 13,72 % azalıb.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,54 % olub.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. IGB ilə Bolqarıstana qaz tədarükünə iki il əvvəl başlanıb. 2021-ci ildə 270 milyon kubmetr tədarük edilib. 2022-ci ildə tədarük 500 milyon kubmetrdən bir qədər çox olub. IGB kəmərinin ötürmə qabiliyyəti 3 milyard kubmetrdir, bu il modernləşdirmə nəticəsində onun 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib.