Azərbaycanın Avropaya satdığı qazın qiyməti məlum olub

Energetika
  • 15 dekabr, 2021
  • 08:14
Azərbaycanın Avropaya satdığı qazın qiyməti məlum olub

Bu ilin yanvarın 1-dən dekabrın 5-nə kimi Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə 7,9 milyard kubmetr təbii qaz nəql edilib.

Bu barədə “Report” Avropa İttifaqının Qaz Nəqli Sisteminin operatorlarının vahdi platformasına (ENTSOG) istinadən məlumat verib.

Bununla da, ölkəmizdən Avropaya nəql edilən gündəlik olaraq 29,7 milyon kubmetr təbii qaz həcmlərini təşkil edir. İlin sonuna qədər Cənub Qaz Dəhlizi ilə nəql ediləcək qazın həcmi isə 8,6 milyard kubmetr təşkil edə bilər. 2021-ci ildə təkcə Avropaya nəql ediləcək qazın həcmi 5 milyard kubmetr ola bilər ki, bu həcmlər də planlaşdırılan həcmləri üstələyir.

Azərbaycan təbii qazının Avropaya nəql edən və Cənub Qaz Dəhlizin ayrılmaz bir hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) operatoru bildirib ki, bu ilin dekabrın 6-7-də Avropaya nəql edilən Azərbaycan qazının müqavilədən kənar baza qiyməti hər min kubmetr üçün 1 163 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

“Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq.

878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

44 - Tezliklə