Azərbaycanın 5 ayda İtaliyaya ixrac etdiyi neftin həcmi açıqlanıb

Energetika
  • 30 iyul, 2024
  • 13:18
Azərbaycanın 5 ayda İtaliyaya ixrac etdiyi neftin həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında İtaliya Azərbaycandan 3 milyon 722,4 min ton neft idxal edib.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % azdır.

5 ay ərzində Azərbaycandan “Azeri Blend” markalı neft 2 milyon 148,7 min ton (2,1 dəfə çox), “Azeri Light” markalı neft isə 1 milyon 573,7 min ton (51,7 % az) həcmində tədarük edilib.

Ümumilikdə, hesabat dövründə İtaliya 24 milyon 40,8 min ton (2,7 % az) neft idxal edib. Azərbaycan nefti bu tədarüklərin 15,5 %-ni təşkil edib.

Təncə mayda isə İtaliya 810,1 min ton (5,8 % çox), o cümlədən 365,726 min ton (4 dəfə çox) "Azeri Blend", 444,4 min ton (34,2 % az) "Azeri Light" nefti idxal edib.

Ay ərzində İtaliya “Azeri Blend” neftinin bir barelini 85,35 ABŞ dollarına (2023-cü ilin mayında - 80,39 dollar/barel) alıb, “Azeri Light” neftinin bir barelini isə 87,99 ABŞ dollarına (2023-cü ilin mayında - 81,56 dollar/barel) tədarük edib.

Azərbaycan 2023-cü ildə İtaliyaya ən çox neft ixrac edən ölkə olub. Bu ölkəyə 11,3 milyon tona yaxın neft tədarük edilib ki, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur. Hesabat ilində İtaliya “Azeri Light” neftinin idxalını 2022-ci illə müqayisədə 17,8 % artıraraq 7,3 milyon tona, “Azeri Blend” neftinin idxalını isə 41,2 % artıraraq 4 milyon tona çatdırıb.