Azərbaycandan Türkiyəyə 11 ayda ixrac edilən neftin həcmi açıqlanıb

Energetika
  • 18 dekabr, 2024
  • 09:49
Azərbaycandan Türkiyəyə 11 ayda ixrac edilən neftin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyəyə 369 min 579,92 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 201 milyon 627,52 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə, dəyəri isə 3,3 dəfə azalıb.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,71 % olub.

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,4 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,63 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.