Azərbaycandan ixrac edilən polipropilenin həcmi açıqlanıb
- 30 oktyabr, 2024
- 07:05
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 41 milyon 331,32 min ABŞ dolları dəyərində 36 min 734 ton polipropilen (ilkin formalarda) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 54 %, həcmi isə 55,1 % azalıb.
Sentyabrda isə ölkədən 1 milyon 903,63 min ABŞ dolları məbləğində 1 541 ton polipropilen (ilkin formalarda) ixrac edilib ki, bu da bir il öncəki göstəriciyə nisbətən müvafiq olaraq təxminən 4 dəfə və 4,3 dəfə azdır.
Hesabat dövründə Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında polipropilenin payı 1,99 % təşkil edir.
Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.